bazar 7 sentyabr 2025 - 22:44
Ayətullah üzma Məkarim Şirazi

İsfahanda keçirilən II Milli Salman Farsi Konqresinin yekun iclasına videogörüntü ilə müraciət edən ayətullah Nasir Məkarim Şirazi, bu böyük səhabəni iman, cihad və İslami həyat tərzi baxımından nadir bir nümunə kimi dəyərləndirmişdir. O, vurğulamışdır ki, cənab Salman bir çox cəhətdən diqqətəlayiq şəxsiyyətdir və onun həyatı xüsusilə uşaqlara və yeni nəslə tanıdılmalıdır.

Hövzə Xəbər Agentliyinin İsfahandan verdiyi məlumata görə, ayətullah Nasir Məkarim Şirazi, Peyğəmbəri-Əkrəmın (s) mövludunun 1500 illiyi ilə eyni vaxta təsadüf edən II Milli Salman Farsi Konqresinin yekun iclasına videogörüntü vasitəsilə müraciət edərək çıxış etmişdir.

 Çıxışında ayətullah Məkarim Şirazi qeyd etmişdir ki, Salman Farsi iki əsas səbəbdən diqqətəlayiqdir: Birinci səbəb, mənsubiyyət və inancdır: O, iranlı idi və İslamı qəbul etdikdən sonra bu dinin parlaq simalarından birinə çevrildi.

İkinci səbəb isə, onun Xəndək döyüşündəki roludur. Belə ki, Salman Farsi xəndəyin qazılması ideyasını irəli sürərək, Əhzab müharibəsinin taleyini dəyişdi və müsəlmanlara böyük qələbə qazandırdı.

Alim əlavə edib ki, cənab Salmanın həyatı İslamın müəyyən bir bölgə və məkanla məhdudlaşmadığını, bütün xalqlar üçün ümid və xilas yolu olduğunu göstərir. Cənab Salman İslamı qəbul etmək üçün çətinliklərə qatlaşaraq öz yurdunu tərk edib Mədinəyə gəldi, daha sonra isə Mədainin valisi təyin olundu. Lakin hakim mövqedə olmasına baxmayaraq, sadə həyat tərzini qorudu və bu yaşam tərzi dəbdəbəyə və təmtəraqa öyrəşmiş iranlıların gözünü açdı və onları qəflətdən oyatdı.

Cənab Məkarim Şirazi əlavə etmişdir ki, həm hakimiyyətdə olduğu müddətdə, həm də ondan əvvəl Salmanın sadə həyat tərzi dəyərli bir örnəkdir. Həmçinin Sevimli Peyğəmbərimizin (s) cənab Salman barədə söylədiyi sözlər heç bir səhabə haqqında bu şəkildə dilə gətirilməyib. Bu sözlər, onun xüsusi mövqeyini göstərir. Buna görə də onun hər bir şəxsi xüsusiyyəti ayrıca araşdırılmağa dəyər.

Sonda o vurğulamışdır ki, cənab Salmanın həyatının uşaqlar üçün hekayə dili ilə qələmə alınması elmi hövzələrin zəruri vəzifələrindən biridir. Bu yolla uşaqlar və yeni nəsil İslam tarixinin bu parlaq siması ilə tanış ola və onu özünə örnək götürə bilərlər.

 

 

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha